Araşdırmanın məqsədi karantinin ailə münasibətlərinə hansı formada təsir etdiyini ölçərək statistik hesabat hazırlamaqdır.

Yaxın günlərdə Business Insight şirkətinin “İstehlakçı davranışlarının mahiyyəti və xüsusiyyətləri” ilə bağlı araşdırma hesabatını sizlərlə bölüşmüşdük. İndi isə eyni adlı şirkətin 17-25 Aprel 2020-ci il tarixində apardığı “Karantin Günlükləri” adlı növbəti maraq doğuran araşdırmasını sizə təqdim edirik:

Araşdırmanın məqsədi karantinin ailə münasibətlərinə hansı formada təsir etdiyini ölçərək statistik hesabat hazırlamaqdır.

Bakı və 7 regionumuzda aparılan araşdırma 1600 respondent arasında təsadüfi seçim metodu və klassik telefon sorğusu (CATI) vasitəsiylə həyata keçirilib. Sorğuya cəlb olunan respondentlərin hər biri evli olmaqla bərabər, 50.3%-i kişi və 49.7%-i isə qadındır. Orta yaşı 42 olan respondentlər arasında 37.2% ilə 45 yaş üzəri olan insanlar üstünlük təşkil edir.

Gəlin indi, sorğuya daxil edilən mövzulara nəzər yetirək:

Karantin günlükləri – Ailə ilə birlikdə edilən fəaliyyətlər:

İlk olaraq, respondentlərə Ailənizlə vaxt keçirmək dedikdə ağlınıza gələnlər nədir?” sualı verilmiş və onların yarısından çoxu, daha dəqiq desək, 51.1%-i söhbət etmək cavabını vermişdir. Digər çoxluq təşkil edən (45.1%) cavablardan biri isə hazırki şəraitdə limitləndirilən bir durum olan “birlikdə gəzintiyə çıxmaq” cavabıdır. Həmçinin respondentlərin ailələri ilə birlikdə gördüyü fəaliyyətlər içərisində 2.0% ilə kitab oxumaq və 1.0% ilə isə alış-verişə getmək yer alır.

Hazırki durumla bağlı olaraq, karantinə qədər günlük etdiyimiz fəaliyyətlərin demək olar ki, bir çoxunu edə bilmirik. Lakin mövcud durumun bizə sunduğu və ailəmizlə edə biləcəyimiz bir sıra faydalı fəaliyyətlər də var. Bu fəaliyyətləri öyrənmək üçün respondentlərə Koronavirus ilə bağlı karantin şəraitində evinizdə ailənizlə birlikdə əyləncəli vaxt keçirmək üçün nələr edirsiniz?” sualı verilmişdir. Nəticələrə baxdıqda isə sorğu iştirakçılarının, 48.2%-inin ailəsi ilə TV izləməyə üstünlük verdiyini görərik. Lakin karantin öncəsi bu cavab daha aşağı faizdə (32.9%) idi. Respondentlərin 42.9%-i isə bu dönəmdə ailəsi ilə söhbət edərək əyləncəli vaxt keçirdiyini bildirmişdir.

Bir digər bir fakt isə karantin öncəsi respondentlərin 13.4%-inin ailəsi ilə birlikdə etdiyi fəaliyyət yemək bişirmək olduğu halda, karantin sonrası bu göstərici 20.7% olmuşdur.

Digər bir nüans isə respondentlərin 20.7%-inin ailəsi ilə birlikdə yemək bişirdikləridir. Sorğuya cəlb olunanların sadəcə 5.3%-i isə kitab oxuduqlarını qeyd edib.

Karantin günlükləri – Ailə Münasibətləri:

Respondentlərə həmçinin karantin dönəminin həyat yoldaşına və övladlarına qarşı olan münasibətinə necə təsir etdiyi də soruşulub. Belə ki, nəticələrə ümumilikdə baxdıqda respondentlərin əksəriyyəti karantinin ailə münasibətlərinə təsir etmədiyini bildirib. Daha dəqiq desək, respondentlərin 71.1% və 62.5%-i, uyğun olaraq həyat yoldaşı və övladları ilə münasibətində heç bir dəyişikliyin olmadığını vurğulayıb. Həmçinin diqqətinizə çatdıraq ki, 1600 respondentdən sadəcə 1455-i övladı ilə yaşayır.

Karantin dönəminin ailə münasibətinə müsbət təsir etdiyini deyənlər də kifayət qədərdir. Belə ki, 21.6% insan bu müddətin həyat yoldaşı ilə olan münasibətinə müsbət təsir etdiyini bildirib. Eyni zamanda, övladı olan respondentlərin (1455 nəfər) 30.6%-i də araşdırmanın sualına müsbət cavab bildirib.

Təbii ki, bu durumun mənfi təsir etdiyi ailələr də mövcuddur. Göründüyü kimi, mövcud durum sorğu iştirakçılarının 7.3%-inin həyat yoldaşı ilə olan, 6.9%-inin isə övladlarına qarşı olan münasibətində mənfi rol oynayıb.

Koronavirus pandemiyası müddətində ailə münasibətləri də önəm daşıyan məsələlərdən biridir. Növbəti sorğumuz karantin müddətində respondentlərin həyat yoldaşı ilə olan münasibətləri haqqındadır. Araşdırmalar göstərdi ki, Karantin dövründə hər iki cütlük (ər və arvad) ikisi birlikdə evdə olan zaman ailədə sevgi, hörmət, həmrəylik daha çox özünü biruzə verib və bu cütlüklərin 23.3%-i işdə olan cütlüklərə nisbətdə daha çox xoşbəxt olduqları məlum olmuşdur.

Bir başqa fakt isə ondan ibarətdir ki, uşaqlı olmayan ailədəki cütlüklərin 23.4%-i uşaqlı olmayan ailələrdən karantin günlərini daha xoş keçiriblər. Karantinə ailə üzvlərinin sayı az olan ailələrdəki (4 nəfərə qədər) cütlüklərin 23.5%-i (ər və arvad) çox nəfərli ailələrdən (4+) daha xoşbəxt olduğunu bildirmişdir.

Karantin zamanında vaxtımızın çoxunu evdə keçirməyimiz önəmli faktorlardan biridir. Normal olaraq bu ailə münasibətlərinə, xüsusilə də cütlüklərin övladlarına qarşı olan münasibətinə öz təsirini göstərir.

Belə ki, hər ikisi işdə və hər ikisi evdə olan cütlüklərin övladlarına qarşı olan münasibəti 30.5%-lə bərabərlik təşkil edir. Həmçinin hər ikisi evdə olan cütlüklər arasında karantinin övladlarına qarşı olan münasibətində mənfi nəticələr doğurduğunu söyləyən və respondentlərin 7.3%-ni təşkil edən insanlar da var.

Bir digər faktı da nəzərinizə çatdıraq ki, 4 nəfərə qədər olan ailələrin 30.6%-i, həmçinin 5 nəfər və üzəri olan ailələrin 30.5%-i karantinin övladlarına qarşı münasibətinə müsbət təsir etdiyini bildirib.

Karantin günlükləri – İqtisadi Narahatlıq:

Pandemiya dövründə insanların əziyyət çəkdiyi sahələrdən biri ailə gəliridir. Bu problem sadəcə Azərbaycanda deyil, demək olar ki, bir çox dünya ölkələrində insanların narahatlığına səbəb olur. Araşdırmamızda “Zəhmət olmasa virus səbəbilə şəxsi və ya ailə gəlirinizin azalmasından narahatlıq dərəcənizi qiymətləndirin” sualına cavab olaraq 1600 respondentdən normal olaraq 45.2%-i çox narahat olduqlarını, 28.8%-i isə heç narahat olmadıqlarını qeyd ediblər. 3.9% respondent isə çox az narahat olduğunu ı bildirib.1% insan isə suala cavab verməyib. Burada çox narahat olduqlarını deyən respondentərin 48.8%-ini kişilər təşkil etdiyi halda, 41.6%-ini isə qadınlar təşkil etmişdir. Araşdırma nəticəsində regionlarda yaşayan insanların 47.0%-nin, Bakıda yaşayan insanların isə 42.9%-nin çox narahat olduğu məlum olub.

Digər bir iqtisadi narahatlıqlardan biri də insanların virus səbəbilə işlərini itirməkdən narahat olmalarıdır. Elə bu səbəbdən araşdırmanın digər mövzusu da bununla bağlıdır. Aparılan sorğu nəticəsində respondentlərin 60.1%-i heç narahat olmadıqları halda 25.7%-i çox narahat olduqlarını qeyd edib. Araşdırmada 18-35 yaş aralığındakı vətəndaşların 27.2%-i çox narahatam, 53%-i isə heç narahat deyiləm cavabını vermişdir. Lakin 36 yaş və yuxarı respondentlərin 64.2%-i heç narahat olmadıqlarını söylədiklərinə baxmayaraq, 24.8%-i çox narahat olduqlarını qeyd edib.

Mənbə: Markzone.az 

 

Categories: Xəbərlər